7 yaşlı Novruz Yormuğanlı icmasının Tüllər kəndində yaşayır. Ona
doğuşdan serebral iflic diaqnozu qoyublar və bu günə qədər intensiv
masaj kurslarına ehtiyacı var. Məktəbə getmir. Valideynləri və
yaxınları hesab edir ki, sinifdə olmaq onun üçün üzücü olar.
“Əvvəllər yeriməyə də danışmağa da çətinlik çəkirdi. Masajlardan
sonra böyük irəliləyiş var. Elə istedadlıdır ki, görən heyran
qalır. Məktəbə getmir, lakin müxtəlif tarixləri mükəmməl şəkildə
danışır. Yalnız bizim buralarda təxminən 15 belə uşaq var. Yaxşı
olardı ki, kənddə heç olmasa onların toplaşacağı, gün ərzində
qalacağı və müxtəlif işlərlə məşğul olacağı bir otaq ayıraydılar.
Məktəbdə isə ayrı-seçkilik olar, tənəffüs vaxtı 30 şagirddən 29-u
bayıra çıxacaq, bu isə içəridə tək qalacaq,”– Novruzun kirvəsi
Muraz Quliyev deyir.
Novruzun əlil arabası da yoxdur, kömək olmadan hərəkət etməyə isə
çətinlik çəkir. Anası Xədicə Novruzova ixtisasca ibtidai sinif
müəlliməsidir, lakin uşaqlarına görə işləyə bilmir. “Musiqini çox
sevir, xüsusilə də rəqs havalarını. Ən böyük arzusu kimsənin köməyi
olmadan yeriməkdir. Uşaq daim evdədir və buna görə də qonaqların
gəlməsi onu xüsusilə sevindirir. Masajlar sayəsində artıq danışa
bilir, gürcü dilini isə tibb bacılarından öyrənib və şeirlər də
danışır. Belə uşaqların qayğısına kimsə qalsa və müxtəlif tədbirlər
keçirsə yaxşı olardı.”
Paldoda yaşayan Əliyevlər ailəsində iki əlilliyi olan şəxs var – 28
yaşlı Validə və onun qardaşı, 30 yaşlı Rəcəb. Rəcəb heç vaxt
məktəbdə oxumayıb. Müəllim evə gəlirdi, lakin atası Hacan Əliyevin
dediyinə görə, kimsə şikayət edib və müəllim onların evlərinə
gəlməyi dayandırıb. Yerli rəhbərlik əlil arabası verib, lakin demək
olar ki, istifadə edə bilmir, avtomatik idarə olunan əlil
arabasının olmasını arzulayır.
Assosiasiya sazişi gündəliyinin 2016-cı il fəaliyyət planına görə,
əlilliyi olan şəxslər üçün incəsənət və mədəniyyət, idman və sağlam
həyat tərzinin dəstəklənməsi üçün tədbirlər keçirilməsi nəzərdə
tutulmuşdu. İdman və Gənclər Nazirliyinin Gənclər Proqramının baş
mütəxəssisi Kristine Kapanadze deyir ki, onlar bu istiqamətdə
müxtəlif fəaliyyətlər həyata keçiriblər: boulinq, raftinq, yamac
paraşütü ilə uçma, avarçəkmə kimi idman tədbirləri keçirilib.
Para-idman həftəliyi təşkil olundu ki, burada da Tbilisidən,
Rustavidən və Msxetadan 150 benefisiar iştirak edirdi. Telavidə
adaptasiya olunmuş tir zalında pnevmatik tir, ağırlıq qaldırma, qol
güləşi, bilyard yarışı keçirildi. Həmçinin, Kutaisidə də turnir
keçirildi; bütün layihələr inkluziv idi. Mədəni-yekun tədbiri
Qoridə keçirildi.
Yormuğanlıda yaşayan əlilliyi olan şəxslər üçün belə fəaliyyətlər
keçirilməyib.
2016-cı ildə əlilliyi olan şəxslər üçün İdman və Gənclər Milli
Mərkəzi də layihələr həyata keçirib. Əlilliyiolan şəxslərin
inteqrasiyası proqramları xidmətinin rəhbəri Tamta Xutsişvilinin
dediyinə görə, onlar tərəfindən planlaşdırılmış tədbirlər və
treninqlər tamamilə inkluziv idi və həm fiziki inkişaf rpoblemi
olan, həm də əqli inkişaf problemi olan gənclərin iştirakını
nəzərdə tuturdu.
Mərkəzdə bildirirlər ki, onların 2017-ci ildə də prioritetləri
eynidir: bu zəif qrupların iştirakına dəstək, təhsilin
populyarlaşdırılması, könüllülüyün və qeyri formal təhsilin
təşviqidir. Əsas prioritet bölgələr sərhədyanı, dağlıq rayonlar və
etnik azlıqların yaşadığı şəhər və kəndlərdir.
Bu mərhələdə artıq layihə ideyalarının işlənilməsi gedir, tezliklə
isə rayonların seçimi başlayacaq. “Deyə bilmərəm Yormuğanlı icması
üçün nələr nəzərdə tutulub, çünki hələ işlər davam edir. Lakin
başqa-başqa bölgələrdən sizlərin zəngləri bizə çox kömək edir ki,
harada nəyə ehtiyac olduğunu daha yaxşı bilək və müvafiq xidmət
təklif edək.
Kiçik yaşlı əlilliyi olan uşaqlara gəlincə, onlar üçün yenə də uşaq
və əlilliyi olan şəxslərin hüquqları barədə treninqlər keçiriləcək.
Bu özünə daha yaxşı bələd olmağa imkan verən fərdi inkişaf kursu da
ola bilər, vaxt menecmenti, böhranın idarə olunması da. Lakin,
təbii ki, modullar yaşa uyğun tərtib olunub. Həmçinin, ədəbiyyat
müsabiqəsi olacaq ki, bu da yekunda kitab halına salınacaq və görmə
qüsuru olan və zəif görənlər üçün brayl şrifti ilə dərc olunacaq və
rəsm müsabiqəsi də olacaq və bu da brayl şrifti ilə dərc olunacaq.
Maksimal şəkildə çalışacağıq ki, gələcəkdə Yormuğanlı bizim
gedəcəyimiz və layihələrimizi təklif edəcəyimiz yaşayış
məntəqələrindən biri olsun.”
Paldoda
yaşayan iki əlliliyi olan övlad atası Hacan Əliyevin hakimiyyət
tərəfindən həyata keçirilmiş və planlaşdırılan tədbirlər haqqında
heç bir məlumatı yoxdur və deyir ki, hansı layihə keçirilirsə
keçirilsin, onların kəndinə onsuz da aidiyyatı olmur.
“Hakimiyyət ola bilsin ki, qərar qəbul edib, lakin hər şey
şəhərlərdə olur. Oradan kənara çıxmır. Göstərmək üçün tədbirlər də
şəhərlərdə keçirilir və bölgələrdə heç nə olmur, rayonda ola bilsin
gözdən pərdə asmaq üçün kimlərisə toplayalar, lakin yerlərdə heç
kəs maraqlanmır, bizim üçün heç nə edilmir. Bu məntəqədə 37 min
insan yaşayır və belə insanların taleyi ilə maraqlanan və onlarla
işləyən bir dənə də təşkilat yoxdur. Hakimiyyət tərəfindən daha çox
diqqət ayırsalar daha yaxşı olar. Heç kəs fikirləşmir ki, bir neçə
ildən sonra mən və həyat yoldaşım yaşa dolduqda və artıq
bacarmayanda bizim uşaqların qayğısında kim qalacaq.”
İdman və Gənclər Nazirliyinin Gənclər Proqramı İdarəsinin baş
mütəxəssisi Kristine Kapanadze Yormuğanlının onlar tərəfindən
planlaşdırılmış tədbirlərə qoşula bilməməsinin səbəblərindən
danışır.
“Bizə məlumat çatmadığı üçün bizim nazirliyin fəaliyyətləri və
tədbirləri Yormuğanlıya çatmayıb vəbuna görə də bu icmada yaşayan
əlilliyi olan şəxslər bu tədbirlərdə iştirak edə bilməyiblər.
Planlaşdırılan tədbirlər haqqında bələdiyyələrə məlumat göndəririk
və həmçinin, televiziya ilə məlumat yayırıq, kim müraciət edirsə,
onları layihələrə qoşuruq.
Bizə nə bir şəxs zəng vurub hansısa layihədə iştirak etmək arzusunu
bildirməyib, nə də bələdiyyə müraciət edib Yormuğanlıda yaşayan
əlilliyi olan şəxslər haqqında məlumat verməyib.
Nazirlik əlilliyi olan şəxslərlə işləyən qeyri-hökumət
təşkilatlarıyla fəal şəkildə əməkdaşlıq edir. Axaltsixedə fəaliyyət
göstərən “Ria” mərkəzi buna misal ola bilər. Təəssüf ki, bizdə
Yormuğanlıda əlilliyi olan şəxslərin yaşaması və ya bu məsələ
üzərində işləyən təşkilatın mövcudluğu haqqında heç bir məlumat
yoxdur.”
Kristine Kapanadzenin dediyinə görə, hal-hazırda statistika yoxdur
və müvafiq olaraq əlilliyi olan şəxslərin yaşadığı yerlər haqqında
məlumat yoxdur. Onlar öz bazalarından istifadə edirlər ki, bu
bazanı da şəxsən özlərinin axtarıb tapdığı məlumata əsaslanaraq
yaradırlar.
Bu mərhələdə danışıqlar gedir və təxminən, mart ayından etibarən
Dünya Bankı ilə birgə əlilliyi olan gənclərin sayı və ehtiyacları
haqqında araşdırmalar aparılacaq ki, bu zaman etnik azlıqlara daha
çox diqqət yetiriləcək.
“Birinci mərhələdə araşdırmaların aparılması mümkün deyildi, çünki
xalq evlərindəki əlilliyi olan şəxsləri gizləyirdi və müvafiq
olaraq, nə onların ehtiyacları, nə də sayı haqqında məlumatımız yox
idi. Çalışırdıq ki, tədbirlər və fəaliyyətlərlə əlilliyi olan
gəncləri bayıra çıxaraq. Bundan sonra Gürcüstanda mövcud olan
stereotip və damğaların az-çox dağıdılmasından, xalqın artıq
əlilliyi olan uşağının, nəvəsinin olmasını gizləməməsindən sonra
biz artıq araşdırma aparmağa hazırıq ki, bütün Gürcüstan miqyasında
rəsmi görək, cəmləşdirək və fəaliyyətlərimizi buna görə planlayaq.
Keçən il İdman və Gənclər Milli Mərkəzi öz gücü ilə araşdırma
apardı, lakin bu daha böyükmiqyaslı layihə olacaq.”
İdman və Gənclər Milli Mərkəzinin Əlilliyi Olan Şəxslərin
İnteqrasiyası Proqramları Xidmətinin rəhbəri Tamta Xutsişvilinin
dediyinə görə, onların araşırması üç istiqamətdə aparılırdı.
Bunlardan biri Səhiyyə Nazirliyi Sosial Xidmət Agentliyinin
məlumatı, ikinci mənbə Təhsil Nazirliyi və üçüncü – yerli
bələdiyyələrin məlumatıdır ki, onlar da öz kənd nümayəndələrinin,
kənd həkimlərinin, xüsusi xidmətlərin, qeyri hökumət
təşkilatlarının və s. məlumatlarına əsaslanırdı.“Bizim
araşdırmaçımız hər üç təşkilatdan gələn məlumatları analiz edir.
Müvafiq olaraq, hal-hazırda Yormuğanlıda yaşayan əlilliyi olan uşaq
və gənclərin sayı ilə bağlı dəqiq məlumat verə bilməyəcəyəm.
Təqdimatını da planlaşdırdığımız araşdırma təxminən fevralda
tamamlanacaq. Məlumat veb-səhifəmizdə yayımlanacaq.”
İnsan Haqları Üçün Əməkdaşlıq qeyri hökumət təşkilatının icraçı
direktoru Ana Arqanaşvilinin dediyinə görə, idman və mədəni
tədbirlər həqiqətən əhəmiyyətlidir, lakin unutmamalıyıq ki, bu
insanların elə problemləri var ki, onların həyatını, sağlamlığını
və öz haqlarını təhdid edə bilər.
“Yüksək kateqoriyalı çox ciddi problemlər, o cümlədən onlara qarşı,
misal üçün, səhiyyə sahəsində ayrı-seçkilik var və mənə bir az
qəribə gəlir ki, idman fəaliyyətlərinə qoşmaqla biz onların
bərabərlik strategiyasını unuduruq. Bu məntiqli deyil, bu
qeyri-bərabər yanaşmadır. Hesab edirəm ki, Assosiasiya Sazişi
gündəliyinin fəaliyyət planı çərçivəsində bu insanlar digər bütün
sahələrdə də yada düşməlidirlər. Yalnız idman və mədəniyyət kifayət
deyil.”
Ana Arqanaşvili hesab edir ki, Gürcüstanda rayon və
bölgələrdəəlilliyi olan şəxslər paytaxtanisbətən daha ağır
vəziyyətdədirlər, bu isə onun fikrincə ayrı-seçkilik deməkdir.
“Ən azı iki ayrı-seçkilik haqqında söhbət aça bilərik. Birincisi
qanunun ayrı-seçkiliyi, və digəri, qanunun düzgün olması, lakin
müxtəlif aspektlərdə ayrı-seçkiliklə istifadə olunması. Əgər
Tbilisidə əlilliyi olan şəxsin mədəni tədbirlərdə iştirak etmək
hüququ varsa, Yormuğanlıda bu hüquq yox olur? Bu ki
təsəvvürolunmazdır.
Buna görə də, mərkəzi və yerli hakimiyyət bərabər səviyyəli rəftara
xüsusi diqqət yetirməlidir ki, belə halda bölgələrə qarşı
ayrı-seçkilik olmasın.
Bütün bunlarla bərabər, dil maneəsi də ortaya çıxır və bu da həmin
insanların müxtəlif mühitlərdə iştirakının məhdulaşmasına səbəb
olur. Onların başa düşdüyü dildə məlumat almaq imkanları yoxdur.
Müvafiq olaraq, öz hüquqlarını qoruya və həyata keçirə bilmirlər,
daha pisi isə, öz hüquqlarının pozulması halında şikayət edə
bilmirlər.”
Onun dəyərləndirməsinə görə, insanların daha çox iştirak etməsi
üçün hakimiyyət ilk növbədə onlarla əlaqəni gücləndirməlidir,
hakimiyyət onlarla kabinetdən danışmamalıdır, kabinetlərdən çıxmalı
və onlarla görüşməlidir; məlumat bazaları olmalı, onların
ehtiyaclarını öyrənməli, vəziyyəti analiz etməli və ona müvafiq
olaraqayrı-seçkilik olmadan tədbirlər planlaşdırılmalıdır.
MÜXTƏLİF FƏALİYYƏTLƏRDƏ İŞTİRAK
ETMƏK İSTƏYƏNLƏR ÜÇÜN
İdman və Gənclərin işi üzrə Naziirlikdən (veb-səhifə
www.msy.gov.ge), həmçinin İdman və Gənclər Milli Mərkəzindən
(veb-səhifə www.cync. ge) bildiklərinə görə, maraqlanan şəxslər ilk
növbədə onlarla sosial şəbəkədə dostluq etməlidirlər və onların
verib səhifələrinə göz gəzdirməlidirlər. Burada müntəzəm olaraq
planlaşdırılan tədbir və layihələr haqqında məlumatlar
yerləşdirilir.
Hər bir layihədə elan olunur ki, maraqlananlar harada qeydiyyatdan
keçməli və necə hərəkət etməlidirlər.
Bundan başqa, layihədə iştirak etmək istəyən təşkilat nazirliyə
zəng etməlidir (+995 32 223 54 33), istiqamətə görə onu
yönləndirirlər və müvafiq bazada qeydiyyata alırlar.
İdman və Gənclər Milli Mərkəzindən bildirirlər ki, ola bilər ki,
elə layihələr elan olunsun ki, bir yerdən başqa yerdə hərəkət etmək
lazım gəlməsin və yalnız işləri göndərmək lazım olsun. Maraqlanan
əlilliyi olan şəxs onların veb səhifəsində konkret maraqlarını,
arzularını, hansı növ layihələrdə iştirak etmək istədiklərini və ya
onnlar üçün hansı növ xidmətin olmasını arzuladıqlarını yaza
bilərlər ki, buna da layihənin koordinatorlarından və veb
administratorlardan müvafiq məlumat ala bilərlər. Mərkəzin
məlumatına görə, fəaliyyətlərini də məhz bu məktublar əsasında
planlaşdırırlar. Bütün xidmətlər tamamilə pulsuzdur və yalnız
yeniyetmənin motivasiyası lazımdır.
Natalia Barbakadze
ƏLİL ARABASINI NECƏ ALMAQ LAZIMDIR
(ELEKTRİK ƏLİL ARABASI)
Əlil arabası almaq istəyən şəxs yerli özünüidarə orqanına (Bu halda
Saqareco bələdiyyəsi icra hakimiyyətinə) müraciət etməlidir. Ərizə
ilə bərabər forma 100 də təqdim etməlidirlər. İcra başçısı Qiorqi
Qzirişvilinin dediyinə görə, onlar əlilliyi olan şəxslərə yalnız
mexaniki əlil arabasını almağa kömək edə bilərlər.
Əlilliyi olan şəxslər elektrikli əlil arabası almaq üçün özləri
ərizə ilə yerli sosial xidmət agentliyinə (mexaniki əlil arabası
almaq istəyən şəxslər də bu idarəyə müraciət edə bilərlər) müraciət
etməlidirlər. Hüquqşünas Mariko Kobaxidzenin dediyinə görə, ərizədə
ərizəçinin hansı növ əlil arabasına ehtiyacı olduğu
göstərilməlidir. Mətn təxminən belə ola bilər: “Gürcüstan
Konstitusiyası, əlliliyi olan şəxslərin hüquqları haqqında BMT
2016-cı il Konvensiyasına əsasən yerli və ya mərkəzi hakimiyyət
nümayəndələri əlilliyi olan şəxsləri onlar üçün mühüm olan köməkçi
vasitələrlə təmin etməyə borcludurlar.”
Ərizə ilə bərabər forma 100 və forma 50/a da olmalıdır. Həmçinin,
şəxsiyyət vəsiqəsinin surəti və yuxarıda qeyd olunan sənədlər
olmalıdır. Sosial xidmət agentliyi bir ay ərzində yazılı şəkildə
müsbət və ya mənfi cavab verməlidir. Mənfi cavab halında Səhiyyə
Nazirliyinə, nazirin adına əlil arabası tələbi ilə ərizə
yazılmalıdır. Bu 3000 lari həcmində vauçer maliyyələşməsidir. Əlil
arabaları Gürcüstanda ölçüyə uyğun olaraq yığılır. Mütəxəssislərin
dediyinə görə, əzələ atrofiyası və ya onurğa əyriliyi inkişaf
etməməsi üçün əlilliyi olan şəxslərə istənilən əlil arabası
olmaz.
“Müstəqil həyat naminə koalisiya”nın sədri Qiorqi Dzneladze deyir
ki, elektrik əlil arabasını Gürcüstanda əlil şəxslərin çalışdığı
sosial müəssisə yığır. Əgər onlar maliyyələşmə vauçerini təqdim
etsələr, təşkilat nümayəndələri yerlərə gedər, əlil arabasını
benefisiara uyğunlaşdırar və iki illik zəmanətlə onlara
verər.
|
სტატიის ქართული ვერსია
გაზეთის პდფ
მასალის გამოყენების პირობები