65 yaşlı Leyla Həsənova üçün Gürcüstan Qazlar kəndindən başlayır. O, bütün həyatını burada keçirib. Qazlar kəndində anadan olub və bu kənddə də ailə qurub.
Beş övlad anası və doqquz nəvənin nənəsi hal-hazırda oynaq ağrılarından əziyyət çəkir. Deyir ki, müntəzəm olaraq həkim müayinəsinə ehtiyacı var. Lakin özü müstəqil şəkildə uzaq məsafələrə gedə bilmir. Qonşu kəndə, 7 kilometr məsafədə yerləşən ambulatoriyaya getmək onun üçün əlçatmaz arzudur. Leylanın yeganə ümidi tibb bacısı Möytəbərdir.
“Yaşlı qadınam, ayaqlarım ağrıyır və qonşu kəndə gedə bilmirəm. Bu qədər ildir ki, burada yaşayıram, heç vaxt ambulatoriyamız olmayıb. Həkim yalnız Muğanlıya gəlir. Xəstəlik zamanı başqa yerə getməmək üçün kəndə də nəzər yetirmək olar. Bu nədir, Gürcüstan yoxdur?”
Leylanın iki azyaşlı nəvəsinin sağlamlığının qayğısına da Möytəbər qalır, çünki kənddə pediatr da yoxdur.
“Kənddə bu qədər əhali yaşayır, heç olmasa bir balaca otağımız olmalıdır ki, həftədə iki dəfə həkim gəlsin. Biz yenə nəsə edə bilirik, balaca uşaqları nə edək? Kiməsə nə isə olanda təcili yardım çağırmalı oluruq, o da yağışlı havalarda bura çətinliklə gəlir”, – Leyla Həsənova deyir.
Qırx minlik Yormuğanlı icmasına Muğanlıda yerləşən bir ambulatoriya xidmət göstərir. Bina 2010-cu ildə Avropa İttifaqının standartlarına uyğun şəkildə tikilib və elə həmin vaxtdan fəaliyyət göstərir.
“Ambulatoriya şənbə-bazar günlərindən başqa səhər saat 10-dan 17:30-a qədər açıqdır. Beş ailə həkimi və beş tibb bacısı var. Bunlardan ikisi pediatr, üçü isə terapevtdir. Hamısı ailə həkimi kurslarını keçib və sertifikatları da var. Burada peyvəndlər də aparırıq. Həkimlər qapı-qapı gəzir və xəstələrə xidmət göstərirlər. Əgər ağır xəstə olarsa, istiqamət veririk və Saqarecoya göndəririk. Laboratoriya bir gün işləyir. Düzdür, bütün analizləri aparmaq mümkün deyil, bununla belə, ümumi analiz aparmaq mümkündür.” – Muğanlı ambulatoriyasının meneceri, Ailə həkimi Bəşir Mahmudov bildirir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Avropa İttifaqı ilə bağlanmış Assosiasiya sazişi səhiyyə sisteminin gücləndirilməsini də nəzərdə tutur ki, bunun da tərkib hissələrindən biri ilkin səhiyyədir. Həmçinin bildirdilər ki, 2016-cı ildə assosiasiya sazişinin fəaliyyət planında səhiyyənin inkişafı strategiyasının işlənib hazırlanması nəzərdə tutulur. Hal-hazırda strategiyanın işlənilməsi prosesi davam edir və əsas istiqamətlər İlkin tibbi yardıma “darvazaçı” adlanan funksiyanın verilməsi, müvafiq olaraq, stasionar xidmətlərə tələbatın azaldılması, İlkin tibbi yardım personalının hazırlanması və onlara əməkhaqqı və digər metodlarla stimul verilməsidir.
Tibb elmləri doktoru, İlia Dövlət Universitetinin professoru TengizVerulava “Səhiyyə siyasəəti və sığorta” jurnalında çap olunmuş məqaləsində qeyd edir ki, İlkin tibbi yardım sistemin təməlidir, lakin bu Gürcüstanda daha az inkişaf edib.
“İlkin tibbi yardım anlayışı bizə onu bildirir ki, bu xəstənin həkimlə ilk kontaktıdır, bir baxımdan səhiyyə sistemində “darvazaçı”-dır. Həkim xəstəliyin ilkin dəyərləndirməsini həyata keçirir, ehtiyac olarsa xəstə həkim-mütəxəssisə müraciət edir. Lakin Gürcüstanda İlkin tibbi yardım sistemi daha az inkişaf edib və bunu müəyyən səbəblər üzündən xəstələrin ambulatoriyalara müraciətinin az olması da təsdiq edir. Onlar həkimə müraciət etmədən özləri özlərini müalicə edirlər. İlkin tibbi yardımın təşkili zamanı tibbi xidmətin əhali üçün coğrafi əlçatanlığı da nəzərə alınmalıdır, yəni, 15 dəqiqəlik məsafədə İlkin tibbi yardım almaq mümkün olmalıdır”, – o, izah edir.
İlkin tibbi yardım mərkəzi Qazlar kəndindən 7 kilometr məsafədədir, buna görə də əhalinin böyük hissəsi tibbi xidmətdən yararlana bilmirlər. Bu barədə Muğanlı ambulatoriyasının meneceri Bəşir Mahmudov danışdı. Onun bildirdiyinə görə, uzaq kəndlərdə də tibb məntəqələri açılsa daha yaxşı olar.
“Əvvəllər Düzəyrəm, Ləmbəli və Qazlarda mamaçalıq tibb məntəqəsi var idi. Bu gün hamısı ləğv olunub. Buradan Düzəyrəmə 3-4 kilometr, Qazlara isə 7 kilometrdir. Əhali bur gəlməyə çətinlik çəkirlər. Uşaqların gətirilməsi ən böyük problemdir. Kəndlərdə bir otaq da yoxdur ki, həkim gedib xəstələrə orada xidmət göstərsin, onları müayinə etsin. Belə işləyə bilməz ki?! Bundan əlavə, burada da şərait yaxşılaşdırılsa, daha yaxşı olar. Heç olmasa, normal avadanlıqlar və istilik sistemimiz olardı, illərdir soyuqda işləyirik”, – o, qeyd etdi.
Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin 2013-cü il 23 dekabr tarixli 01-264/o saylı əmrinə əsasən Saqareco bələdiyyəsinin kəndlərində – Yormuğanlı və Keşəlidə əhaliyə 2 həkim və 2 tibb bacısı xidmət göstərir; aşağıdakı coğrafi yerləşmələr üzrə bir həkim və bir tibb bacısı xidmət göstərir: Düzəyrəm, Paldo və Tsitsmatiani; Azşağı və Yuxarı Ləmbəli; Tüllər və Qazlar.
Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, Gürcüstan Statistika Xidmətinin apardığı əhalinin siyahıya alınmasının 2015-ci il üçün olan məlumatlarına əsasən və bələdiyyələrin yeni inzibati vahidlərə bölünməsini nəzərə alaraq kəndlərə tibb personalının göndərilməsi nəzərdə tutulur. Buna görə yerli özünü idarəetmə orqanından kəndlər arasında məsafə haqqında məlumat tələb olunacaq.
Yormuğanlı icmasının kəndlərində ilkin tibbi yardım məntəqəsinin
açılıb, açılmayacağı və belə tibb məntəqəsinin açılması üçün
kəndlər arasında hansı məsafə barədə konkret sualımıza Səhiyyə
Nazirliyindən cavab ala bilmədik.
სტატიის ქართული ვერსია
speqtri.ge შენი ვებგვერდი
მოცემული ვებ გვერდი „ჯუმლას" ძრავზე შექმნილი უნივერსალური კონტენტის მენეჯმენის სისტემის (CMS) ნაწილია. ის USAID-ის მიერ დაფინანსებული პროგრამის "მედია გამჭვირვალე და ანგარიშვალდებული მმართველობისთვის" (M-TAG) მეშვეობით შეიქმნა, რომელსაც „კვლევისა და გაცვლების საერთაშორისო საბჭო" (IREX) ახორციელებს. ამ ვებ საიტზე გამოქვეყნებული კონტენტი მთლიანად ავტორების პასუხისმგებლობაა და ის არ გამოხატავს USAID-ისა და IREX-ის პოზიციას. |
This web page is part of Joomla based universal CMS system, which was developed through the USAID funded Media for Transparent and Accountable Governance (MTAG) program, implemented by IREX. The content provided through this web-site is the sole responsibility of the authors and does not reflect the position of USAID or IREX. |
მასალის გამოყენების პირობები